Heydər Əliyev: tariximizdə və taleyimizdəkitabının təqdimatı olub
AMEA-nın Naxçıvan Bölməsində Ulu öndər Heydər Əliyevə həsr olunmuş yeni kitabın təqdimatı keçirilib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın həmmüəllifliyi ilə nəşr olunan “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimat mərasimini giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik xatırladıb ki, ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-cü il tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. İl çərçivəsində ölkəmizdə və dünyada Ümummilli liderin həyat yolunun və zəngin siyasi irsinin öyrənilməsinə, təbliğinə xidmət edən müxtəlif tədbirlər keçirilmiş, çoxsaylı əsərlər dərc olunmuşdur. İsmayıl Hacıyev diqqətə çatdırıb ki, təkcə Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri əməkdaşlarının bugünədək Ümummilli liderdən bəhs edən 40-a yaxın kitab və monoqrafiyası nəşr olunub. İlin sonuna qədər bu sayın artacağına əminliyini bildirən bölmə sədri Naxçıvan Bölməsi əməkdaşlarının bu işdə fəal olduqlarını, elmi əsərlər dərc etdirməklə yanaşı, dövri-mətbuatda da müntəzəm çıxış etdiklərini bildirib. Qeyd olunub ki, Naxçıvan Bölməsinin əməkdaşları həm də ölkənin müxtəlif qurumları tərəfindən “Heydər Əliyev İli” çərçivəsində hazırlanan bəzi kitab və monoqrafiyaların həmmüəllifləridir. Bu fəallıq isə Ulu Öndərin irsinə sevgidən qaynaqlanır.
İsmayıl Hacıyev “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının sistemli tərtib xüsusiyyətlərindən, əhatə etdiyi mövzuların aktuallığından söz açıb, müəllifləri ərsəyə gətirdikləri əsər münasibətilə təbrik edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru dosent Elxan Məmmədov mərasimdə “Ulu öndər Heydər Əliyevin 100 illiyinə dəyərli töhfə” adlı məruzə edib.
Məruzəçi bildirib ki, kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsmayıl Hacıyev, rəyçisi isə dosent Ramiz Qasımovdur. Kitabda yer alan məqalələrdə Ulu öndərin siyasi fəaliyyətinin müxtəlif dövrlərində Azərbaycan, türk dünyası, eləcə də xalqımızın taleyüklü problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər elmi düşüncə işığında təhlil edilir.
Kitabın altı bölmədən ibarət olduğunu deyən tədqiqatçı əsəri bölmələr üzrə şərh edib, biri-birini təkrarlamadan tamamlayan mövzuların sistemliliyindən söz açıb.
Qeyd olunub ki, ümumilikdə yüzə yaxın ədəbiyyatdan istifadə olunan kitab AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın qarşılıqlı elmi əməkdaşlığının uğurlu nəticəsidir. Elxan Məmmədov “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının Ümummilli lider Heydər Əliyev haqqında ortaya qoyulmuş nəşrlər arasında öz layiqli yerini tutacağına inamını ifadə edib.
Məruzənin ardından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zülfiyyə İsmayıl və Aygün Orucovanın çıxışları dinlənilib.
Çıxışlarda Əbülfəz Quliyevin elmi araşdırmalarında Heydər Əliyev irsinin və dahi liderin töhfə verdiyi sahələrin tədqiqi məsələsindən söz açılıb. Kitabda müəlliflərin toxunduğu mövzuların mahiyyəti təfərrüatlı təhlil olunub, əsərə daxil edilən hər məqalənin səsləşdiyi tarixi reallıqlara diqqət çəkilib.
Sonda müəllif Əbülfəz Quliyev çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin irsi, onun siyasi fəaliyyəti öyrənilir, yeni-yeni əsərlər dərc olunur. Ümummilli liderin zəngin irsi deməyə əsas verir ki, hələ neçə-neçə kitablar, monoqrafiyalar yazılacaqdır.
Professor fəaliyyətinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkür edib.
Muxtar respublikanın 100 illiyinə növbəti töhfələr
100 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikası monoqrafik tədqiqatda
Enerji təhlükəsizliyi və iqlim dəyişikliyində Azərbaycan modeli
- konfrans
Məhəmməd Füzuli - 530
mövzusunda elmi konfransda qüdrətli söz ustadının ədəbi-fəlsəfi poeziyası təhlil olunub