AMEA Naxçıvan Bölməsi

Rəyasət Heyətinin iclası olub


27.02.2024 / 15:22Tədbirlər



AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdəki ilk məsələ Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimindəki çıxışından irəli gələn vəzifələri əhatə edib. Bu barədə danışan bölmə sədri bildirib ki, cənab İlham Əliyev 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində 92.12% səslə Azərbaycan Respublikasının Prezidenti seçilmiş, fevral ayının 14-ü andiçmə mərasimi olmuşdur. Ölkə başçısı geniş çıxışında əldə olunmuş uğurları diqqətə çatdırmış, ölkənin və xalqın uğurlu gələcəyi üçün mühüm vəzifələr müəyyənləşdirmişdir. Bölmə sədri dinləyiciləri həmin vəzifələrlə tanış edib.

İsmayıl Hacıyev 30 dekabr 2023-cü ildə ölkə başçısı cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə imzaladığı sərəncamın icrası məqsədilə bölmə kollektivi tərəfindən yerinə yetirilməli işlərdən, keçiriləcək konfranslardan, çapa hazırlanan kitablardan söz açıb.

Rəyasət Heyəti muxtar respublikanın 100 illiyi münasibətilə keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransın əhatə edəcəyi mövzular, konfrans materiallarının dərci kimi məsələləri müzakirə edib, məsələ ətrafında fikir mübadiləsi aparıb.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev beynəlxalq indeksli jurnallar üçün məqalələrin yazılması və onların elmmetrik bazalarda yerləşdirilməsi barədə çıxış edib, tədqiqatçıları maraqlandıran suallara aydınlıq gətirib. Rəyasət Heyəti həmçinin bir neçə elmi işçinin elmi tədqiqat planlarını və AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibini təsdiq edib.

Gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.