Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən Nəbatat bağı Naxçıvan MR - in Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında Uzunoba gölündən bir qədər cənub - şərqdə olmaqla, dəniz səviyyəsindən 935 metr hündürlükdə yerləşir. 1972 - ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində yaradılan Naxçıvan Regional Elm Mərkəzinin digər amillərlə yanaşı, başlıca məqsədi regionun təbii sərvətlərini, fauna və florasının zənginliklərinin öyrənilməsi, kənardan gətirilmiş faydalı bitkilərin introduksiyası və bunlar üzərində geniş miqyasda elmi – tədqiqat işlərinin aparılmasından ibarət olmuşdur.
Naxçıvan Regional Elm Mərkəzində aparılan elmi – tədqiqat işlərinin keyfiyyətini və miqyasını genişləndirmək, regionda yayılmış qədimdən becərilən qiymətli meyvə sortlarının genefondunun toplanılması, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin qorunması həmçinin Naxçıvan Regional Elm Mərkəzinin tərkibində Nəbatat bağının yaradılması məqsədilə Azərbaycan EA-nın təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsi ayrılmışdır.
Müstəqillik illərində Nəbatat bağında yenidənqurma işləri aparılmış, bağın sahəsi artırılaraq 13,2 ha çatdırılmış, bağın ərazisi işıqlandırma sistemi ilə təchiz edilmiş, alleyalara çınqıl örtüyü verilərək yenidən qurulmuşdur. 2003-cü ildə Nəbatat bağında subartezan quyusu istifadəyə verilmişdir ki, bu da bağın suvarma ehtiyaclarını ödəyir. Ötən dövr ərzində Naxçıvan Bölməsinin digər strukturları ilə yanaşı 08 may 2007 – ci ildə Nəbatat bağında inzibati bina tikilib istifadəyə verilmişdir. Həmçinin 2014 – cü ildə “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana alınaraq Nəbatat bağının ərazisində qurulmuşdur. İstilikxana xüsusi formada qurularaq, istiliyin daxildə akkumlyasiya edilməsi üçün hesablanmış və beləliklə sərf ediləcək enerji itkisinin qarşısını almaq məqsədi güdmüşdür. Nəbatat bağında qurulan istilikxana işə salınaraq əkin işləri tamamlanmışdır. Hazırda burada ayrı - ayrı iqlim qurşaqlarına tropik, subtropik, ekvatorial, subekvatorial uyğun olan bitki növləri əkilərək nümayiş etdirilir, onlar üzərində elmi tədqiqat işləri aparılır, muxtar respublikamızın iqliminə uyğunlaşan növlərin yaşıllaşdırma işlərində və dekorativ bağçılıqda istifadəsi tövsiyə olunur.
Naxçıvan MR – in ayrı – ayrı rayonlarında meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli meyvə sortları gətirilərək meyvə genefondu bağı yaradılmışdır. Keçən bu zaman ərzində Nəbatat bağının ümumi sxemi yaradılmış ayrı – ayrı flora nümunələri üçün sahələr, təcrübələrin qoyulması yerləri, alleyalar, pitomnik, nadir bitkilər kolleksiyası, rozari və tingçilik sahələri yaradılmışdır.
Bağın nadir bitkilər kolleksiyası sahəsində Naxçıvan MR-in və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki əkilib becərilir. Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 növ ağac, kol və dekorativ bitki introduksiya edilmişdir.
AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında çox sayda ağaclar, kollar, çiçəklər, efiryağlı, yerli və yad floralara mənsub olan bitki növləri toplanmışdır, xüsusilə son illərdə introduksiya işləri olduqca genişləndirilmişdir. Nəbatat bağı yaradılandan indiyədək respublikanın müxtəlif yerlərindən gətirilmiş ayrı - ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bitkilər əkilərək introduksiya olunmuşdur.
Təbii və mədəni şəkildə əkilib becərilən bitkilərin növ tərkibinin populyasiya, seleksiya və introduksiya məsələləri formatında öyrənilməsi. Naxçıvan Muxtar Respublikası ərazisində rast gəlinən ağac və kol bitkilərinin növdaxili dəyişkənliyinin və populyasiyalarının strukturunun öyrənilməsi, növlərin populyasiyalar əsasında genofondunun qorunub saxlanılması və seleksiya işlərinin aparılmasının əsaslarının müəyyən edilməsi.Yeni dekorativ ağac və kol bitki sort və formalarının çeşidliliyinin qiymətləndirilməsi, bəzi yabanı bitkilərin yaşıllaşdırma sahələrində əkiləcək olan növlərinin dendroloji baxımdan öyrənilməsi.Əlverişsiz iqlim şəraitlərinin və zərərverici həşərat növlərinin kütləvi şəkildə çoxalaraq verdikləri zərərlərlərlə bağlı olaraq tədqiqat işlərinin aparılması. Yaşıllaşdırma işlərində istifadə olunan park və xiyabanların tərtibatı üçün ağac və kol növlərinin seçilməsi.
Nəbatat bağında geniş ictimaiyyət üçün məlumatlandırıcı yığıncaqlar və tədris kursları da təşkil edilir, burada tələbə və şagirdlərə əyani şəkildə dərslər keçilərək botaniki biliklər haqqında ətraflı məlumat verilir Qeyd edək ki, Nəbatat bağı təbiət gözəlliklərini duymaq, belə gözəlliklərin qədrini bilməklə yanaşı, şagird və tələbələrdə təbiət elmlərinə marağın artırılması, Bioresurslar İnstitutunun elmi fəaliyyətinin tanıdılması, bu istiqamətdə tədbirlərin keçirilməsi, alimlərin təcrübəsindən yararlanmaq kimi maraq doğuran digər fəaliyyətlərin reallaşdırılması üçün də son dərəcə əhəmiyyətlidir. Nəbatat bağında Avropa və Aralıq dənizi florası, nadir bitkilər genofondu, gülçülük, dərman bitkiləri və meyvə və üzüm genofond bağları yaradılmışdır. Nadir bitkilər genofondu sahəsində xeyli sayda nadir və məhv olmaq təhlükəsi altında olan bitkilər qorunur və artırılaraq təbii sahələrinə reintroduksiya edilir. Nəbatat bağında taxıl genofondu sahəsində yumşaq və bərk buğdanın müxtəlif sortları üzərində tədqiqat işləri aparılır.
Nəhayət qeyd etmək lazımdır ki, Nəbatat bağları qədim informasiya şəbəkələrindən biridir. Hazırki dövrdə əhəmiyyətli sort və növlərin böyük hissəsi botanika bağlarının kolleksiyasında toplanmışdır. Məktəbəqədər, məktəbli və tələbələr üçün bitkiləri tanıtmaq məqsədiylə ekskursiyalar Bağımızda təşkil olunmaqdadır. Burada üzərinə basaraq gəzdiyiniz bitkilərin əslində dünyamız üçün nə qədər böyük bir əhəmiyyətə sahib olduğunu öyrənə bilərsiniz.
Beləliklə, şəhərimizə ən yaxın məsafədə yerləşən Nəbatat Bağı, Naxçıvanın yaşıllıq zonasına daxil olaraq, onun ekoloji baxımdan təmiz mədəni mərkəzlərindən biri hesab olunur və həmçinin mədəni-maarif ocağı kimi biologiya elminin nailiyyətlərini əhali arasında təbliğ edir. Naxçıvanda botaniki tədqiqatların praktiki bazası sayılan Nəbatat Bağının olması, eyni zamanda muxtar respublikada bioloji müxtəlifliyin saxlanılması üçün mühüm olan təbiəti mühafizə obyekti kimi, cəmiyyətdə botanika elminin populyarlaşması və əhalinin ekoloji təfəkkürünün inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Nəbatat Bağının xiyabanlarında ziyarətçilər onları maraqlandıran bitkilərin növü, cinsi və vətəni haqqında məlumatları bitkilərin üzərindən asılmış lövhəciklərdən öyrənə bilərlər. Nəbatat Bağı yaşıl muzey olaraq, biologiya elminin nailiyyətlərini və təbiəti mühafizə ideyasını əhali arasında təbliğ edir. Bağın çoxsaylı ziyarətçiləri – məktəblilər, tələbələr, xarici qonaqlar, respublikamızda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri, bir sözlə, təbiəti sevənlərdir.Naxçıvan sakinləri və muxtar respublikamıza gələn qonaqlar bağa gələrək öz istirahətlərini mənalı keçirə bilərlər.
Rəşad Əli oğlu Zülfüqarov
Əbülfəz Aman oğlu Quliyev
Əli Kətən oğlu Qəhrəmanov
İsmayıl Muxtar oğlu Hacıyev