Şərqin qapısı – qədim diyar
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Şərqin qapısı – qədim diyar” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik bildirib ki, Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamında ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında bölgənin rolunu, strateji mövqeyini, Naxçıvanın görkəmli şəxsiyyətlərinin Azərbaycan dövlətçiliyinin, elminin və mədəniyyətinin inkişafına verdiyi töhfələri qeyd etmişdir. “Şərqin qapısı – qədim diyar” mövzusunda elmi konfrans ölkə başçısının sərəncamına və təsdiq olunan Tədbirlər planına uyğun olaraq keçirilir.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın Daş dövrü abidələri” mövzusunda məruzə edib.
Professor məruzəsində Naxçıvanın daş dövrü abidələri, onların dövrlər üzrə öyrənilmə vəziyyəti barədə danışıb. Kültəpə, Osmantəpə, Xələc, Sədərək, Naxçıvantəpə yaşayış yerlərində aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə olunan elmi yeniliklərdən bəhs edib. Alim bildirib ki, Plovdağ və Osmantəpə yaşayış yerlərindən aşkar olunan əmək alətləri burada ilk insanların 1,5 milyon il əvvəl məskunlaşdığını sübut edir. Bu fakt bölgənin nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda ən qədim yaşayış yeri olmasına dəlalət edir.
Vurğulanıb ki, elmi ədəbiyyatlarda Azərbaycanda köçmə maldarlığın yaranması Erkən Tunc dövrünə aid edilsə də, I Kültəpə və Osmantəpə yaşayış yerlərindən aşkar olunan tapıntılar burada hələ Neolit dövründə köçmə maldarlıq ənənəsinin mövcud olduğunu sübut edir.
“Qars müqaviləsi: Naxçıvanın muxtariyyət məsələsi və ərazi taleyi” mövzusunda məruzə edən akademik İsmayıl Hacıyev 1918-1920 illərdə Naxçıvanda mövcud olan ictimai-siyasi vəziyyət, Qars müqaviləsinin hazırlanması, konfransın keçirilməsi ərəfəsində aparılan danışıqların mahiyyəti, konfransda təmsil olunan nümayəndə heyətlərinin fəaliyyəti, ortaya çıxan fikir ayrılıqları və müqavilənin onu imzalayan dövlətlər tərəfindən ratifikasiyası barədə danışıb.
“Naxçıvansız və Şərursuz Ermənistan yaşaya bilməz”, - deyən ermənilərin Azərbaycan torpaqları hesabına “ərazilərini” genişləndirmək cəhdlərindən söz açıb, Naxçıvana muxtar ərazi statusunun ilk dəfə beynəlxalq Moskva müqaviləsi ilə verildiyini diqqətə çatdırıb.
Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilə davam etdirib. İnstitut əməkdaşları “Tarix”, “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə məruzələr ediblər.
Qədim dövrlərdən günümüzədək Naxçıvanın ictimai-siyasi və mədəni həyatının bəzi məqamlarının təhlili, əcdadlarımızın sahib olduqları inanc və həyat tərzi, duluşçuluq vərdişləri, ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlar, muxtar respublikanın qurucuları, bölgənin ticarət əlaqələri və başqa məsələlərin təhlili məruzələrin əsasını təşkil edib.
Qeyd edək ki, konfransın materiallarından ibarət məqalələr toplusunun siqnal nüsxəsi artıq dərc olunub.
Muxtar respublikanın 100 illiyinə növbəti töhfələr
100 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikası monoqrafik tədqiqatda
Enerji təhlükəsizliyi və iqlim dəyişikliyində Azərbaycan modeli
- konfrans
Məhəmməd Füzuli - 530
mövzusunda elmi konfransda qüdrətli söz ustadının ədəbi-fəlsəfi poeziyası təhlil olunub