AMEA Naxçıvan Bölməsi

Xalqımızın qan yaddaşı: Xocalı soyqırımı


26.02.2024 / 15:56Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə “Xalqımızın qan yaddaşı: Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əzəli Azərbaycan torpaqlarına köçürülən ermənilərin “ərazilərini” genişləndirmək məqsədilə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlardan, soyqırımlardan, etnik təmizləmə siyasətindən danışıb. Xocalı faciəsinin törədilmə səbəbləri, qətliamın mənəvi-psixoloji nəticələri barədə fikirlərini dilə gətirən İsmayıl Hacıyev Xocalı soyqırımına Ümummilli lider Heydər Əliyev tərəfindən ilk hüquqi-siyasi qiymət verilməsindən, bu gün “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərdən bəhs edib.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Xocalı soyqırımı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitinun şöbə müdiri, dosent Ramiz Qasımov “Xocalı soyqırımı bədii ədəbiyyatda”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Səfər Əliyev “Xocalı soyqırımına gedən yol” başlıqlı məruzələr ediblər.

Məruzələrdə Qaradağlı və Xocalı faciələri ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, Xocalı şəhərinin mühüm strateji mövqeyi, blokada vəziyyətində olan dinc şəhər əhalisinin vaxtında təxliyə olunmaması, faciənin nəticələri və başqa mühüm məsələlər ətraflı şərh olunub. Xocalı əhalisinə qarşı törədilən ağlasığmaz cinayətlərə əksər dünya dövlətlərinin sərgilədikləri ikili münasibətdən danışılıb.

Qeyd olunub ki, bu gün Xocalıda dalğalanan Azərbaycan bayrağı yurd-yuvasından xüsusi amansızlıqla didərgin düşmüş xocalılıların doğma yurda qayıdışının simvoludur.

Konfransda həmçinin Xocalı faciəsinin bədii ədəbiyyatda əksi məsələlərinə diqqət çəkilib, Qarabağ, Xocalı mövzulu ədəbi nümunələr əsasında təhlillər aparılıb. N.Kəsəmənli, A.Yadigar, Q.Qərib, E.Yurdoğlu, E.Elatlı, Ş.Sadiq, M.XAN və başqa qələm sahiblərinin əsərlərində Xocalı həqiqətlərinin təsvir xüsusiyyətlərindən, bədii yaddaşın formalaşmasındakı rolundan söz açılıb.

Məruzələrdən sonra dinləyiciləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.