AMEA Naxçıvan Bölməsi

Beynəlxalq Ana Dili Günü münasibətilə elmi konfrans olub


21.02.2023 / 17:30Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq Ana Dili Günü münasibətilə elmi konfrans keçirilib.

“Dilimiz milli sərvətimizdir” mövzusunda konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, bu günün tarixi barədə məlumat verib. Vurğulanıb ki, 21 fevral 1952-ci ildə Banqladeşdə öz ana dilinin rəsmi dil kimi tanınması uğrunda mübarizə aparan 4 nəfər tələbə öldürülmüş, bu qanlı hadisədən 47 il sonra Banqladeş səfirinin təşəbbüsü ilə həmin gün UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilmişdir.

Çıxışı zamanı ana dilindən istifadənin vacibliyini qeyd edən İsmayıl Hacıyev deyib ki, dilimizin hərtərəfli inkişafı onun qorunmasına yönəlik siyasətin nəticəsidir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və başqa mühüm fərman və sərəncamların imzalanması, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.

“Hər bir milləti tanıdan onun dilidir”, - söyləyən akademik vurğulayıb ki, ana dilimizi dərindən mənimsəmək və onu qorunmaq bu dildə danışan hər bir azərbaycanlının borcudur.

Daha sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Ali Baş Komandanın zəfər üslubu”, Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva “Cənubi Azərbaycanda ana dili məsələləri”, Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Heydər Əliyev və dil məsələləri” mövzusunda məruzə ediblər.

Məruzələrdə Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərinin mətnləri fonetik, leksik, semantik təhlilə cəlb olunub, üslub xüsusiyyətləri şərh olunub. Həmin müraciətlərdə istifadə olunan nitq elementlərinin, xüsusilə frazeoloji birləşmələrin ədəbi dildə istifadə imkanlarından söz açılıb. Ali Baş Komandanın xalq danışıq dilinə yaxınlığı ilə seçilən çıxışlarında yer alan fikir və ifadələrin təbiilik, lakoniklik kimi keyfiyyətləri vurğulanıb.

Cənubi Azərbaycanda Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxmasına, anadilli məktəblərin fəaliyyətinə imkan verilməməsi kimi məsələlərdən bəhs olunub. 1945-1946-cı illərdə Azərbaycan Milli Hökuməti dövründə dilimizə verilən dəyər, bununla bağlı görülən tədbirlər diqqətə çatdırılıb. Pəhləvilərin hakimiyyəti, eləcə də müasir dövrdə cənubdakı soydaşlarımızın ana dilindən istifadəsinə qoyulan qadağalardan, məhdudiyyətlərə rəğmən cənublu söz adamlarının ərsəyə gətirdikləri anadilli yaradıcılıq nümunələrindən, xalqın öz dilini qoruyub saxlamaq meyillərindən bəhs edilib.

Millətin formalaşmasında ana dilinin mühümlüyü, ana dilimizin qorunması və təbliği məsələsi əhatəli şərh olunub. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan dili, Azərbaycan əlifbası ilə bağlı imzalanan fərman və sərəncamların önəmi, dilimizin inkişafı və təbliğinə verdiyi töhfələr vurğulanıb. Dövlət müstəqiiliyinin bərpasından sonra ana dilimizin təbliği sahəsində həyata keçirilən işlərdən, imzalanan fərman və sərəncamlardan danışılıb.

Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.