AMEA Naxçıvan Bölməsi

Naxçıvan muzeylərinə həsr olunan tədbir keçirilib


12.04.2022 / 16:28Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının hamiliyə götürülən III kurs tələbələrinin iştirakı ilə tədbir keçirilib.

“Naxçıvan muzeyləri” mövzusunda  tədbiri giriş sözü ilə açan Tarix,  Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamınının gənc mütəxəssislərin formalaşmasında, ixtisaslarını mənimsəməsində əhəmiyyətindən bəhs edib.

Professor muzeylərin maddi, mənəvi dəyərlərin qorunması, öyrənilməsi və təbliğində mühüm önəm daşıdığını söyləyib, Azərbaycanda muzeylərin yaradılma tarixinə nəzər salıb.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə tələbələrdə elmə marağın artırılması istiqamətində söhbət aparıb.Elm sahəsində fəaliyyət göstərməyin faydalarından, vətənimizin, elmimizin gələcək inkişafına qazandırdığı töhfələrdən söz açıb. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda aparılan tədqiqatları, arxeoloji ekspedisiyaların mahiyyətini və əldə olunan elmi nəticələri gənclərin diqqətinə çatdıran bölmə rəhbəri bütün elm sahələri, o cümlədən tarix elm sahəsi üzrə bacarıqlı, həvəsli və savadlı kadrlara ehtiyac olduğunu bildirib.

Tarix,  Etnoqrafiya və Arxeologiya İnstitutununelmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Naxçıvan muzeyləri” mövzusunda çıxış edib. Çıxış əsnasında vurğulanıb ki, XIX əsrin sonlarında Nehrəm kəndində məktəb muzeyinin təşkil olunması ilə Azərbaycanda ilk muzey yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Müstəqillik muzeyi fəaliyyət göstərmiş, 1920-ci ildən başlayaraq Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.

Azərbaycanda muzey şəbəkəsinin sürətli inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu söyləyən alim ötən əsrin 70-ci illərini, habelə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrü muzey işinin sürətli inkişaf dövrü kimi səciyyələndirib. Tədqiqatçı muxtar respublikada fəaliyyət göstərən 23 muzey, 1 muzeytipli müəssisə haqqında müfəssəl məlumat verib.

Davamı Arxeologiya və Etnoqrafiya muzeyində baş tutan tədbir zamanı Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva Tarix,  Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyət göstərən muzey haqqında ətraflı məlumat verib. Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı alim muxtar respublika ərazisində aparılan arxeoloji ekspedisiyalar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri, onların məişətdə istifadəsi haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.