AMEA Naxçıvan Bölməsi

Rayonların tarixinin yazılması yekun mərhələdədir


07.04.2022 / 17:21Tədbirlər



AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı 21 sentyabr 2021-ci ildə keçirilən müşavirədə verilən tapşırıqlardan irəli gələn işlərin icra vəziyyəti müzakirə olunub.

Bununla əlaqədar keçirilən iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanın hərtərəfli və daha dərindən öyrənilməsi məqsədilə verdiyi tapşırıqların icrası üçün AMEA Naxçıvan Bölməsi və hər bir elmi-tədqiqat müəssisəsinin fəaliyyəti ilə bağlı Tədbirlər Planları hazırlanaraq təsdiq olunub. Qarşıya qoyulan məqsədlərin müvəffəq nəticələri üçün İşçi qrupları yaradılıb. “Şərur rayonunun tarixi”, “Babək rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Şahbuz rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi”, “Sədərək rayonunun tarixi”, “Naxçıvan etnoqrafiyası” (iki cilddə), “Naxçıvan Muxtar Respublikasının xalq deyimləri”, “Naxçıvan uşaq folkloru” adlı kitablar  nəşrə hazırlanır.

Rayonların tarixinin hazırlanmasıbarədə məlumat verən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli bildirib ki, “Şərur rayonunun tarixi” (prof. Vəli Baxşəliyev, t.e.d. Emin Şıxəliyev, t.ü.f.d. Yaşar Rəhimov) və “Kəngərli rayonunun tarixi” (prof. Vəli Baxşəliyev, t.ü.f.d. Musa Quliyev) kitabları hazırlanmış, siqnal nüsxələri artıq çap olunmuşdur. “Şahbuz rayonunun tarixi” (dos. Asəf Orucov, t.ü.f.d. Aytəkin Qəhrəmanova) kitabı yekunlaşmış, Babək, Ordubad, Culfa, Sədərək rayonları haqqında kitablar isə yekunlaşmaq üzrədir. Sonuncular əldə olunan yeni materiallar əlavə olunduqdan sonra redaktə ediləcək. İkicildlik “Naxçıvan etnoqrafiyası” kitabı isə yazılma məhələsindədir.

Professor söyləyib ki, kitablar hazırlanarkən həyata keçirilən arxeoloji ekspedisiyaların nəticələrindən, arxiv və muzey materiallarından, institutda aparılan tədqiqatların nəticələrindən və başqa mənbələrdən istifadə olunub.

İclasda kitabların əhatə etdiyi mövzuların tam əhatəli şərhi, tədqiqat qruplarının apardığı araşdırmaların nəticələri, fakt və məlumatların dəqiqliyi kimi məsələlər müzakirə olunub.

Akademik İsmayıl Hacıyev əsərlərin yüksək səviyyədə tərtibi məqsədilə təklif və tövsiyələr verib.