Tədqiqatlar nəticəsində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının yay otlaqlarında yayılmış paxlalı yem bitkilərinin Maqnoliyalılar şöbəsinin, ikiləpəlilər sinfinin, paxlalılar sırasının, paxlalıkimilər fəsiləsinin 23 cinsinə aid olan 105 növlə təmsil olunduğu müəyyən edilmiş və sistematik icmalı tərtib edilmişdir. Regionun yay otlaqlarında, biçənəklərində flora və bitkiliyin formalaşmasında paxlalı yem bitkilərinin rolu, bioekoloji, fitosenoloji xüsusiyyətləri öyrənilmişdir. Yay otlaqlarında paxlalı yem bitkilərinin ekobiomorfoloji, fitocoğrafi təhlili aparılmış, nadir, endemik, relikt və məhvolma təhlükəsində olan növləri dəqiqləşdirilmiş və məhsuldarlığı öyrənilmişdir. Tədqiqat zamanı yay otlaqlarında yayılması göstərilməyən 10 növ paxlalı yem bitkisinin yeni yayılma arealı aşkar edilmiş, onların yay otlaqları üçün yeni olan bitki senozları təsvir olunmuşdur. İlk dəfə olaraq yay otlaqlarının subalp çəmən və bozqırlarında, alp çəmənlərində, alp xalılarında bitkiliyin müasir fitosenoloji təsnifatı verilmiş, 5 tip, 5 yarımtip, 27 formasiya sinfi, 64 formasiya və 85 assosiasiya müəyyən edilmişdir. 7 formasiya və 11 assosiasiya Naxçıvan MR bitkiliyi üçün yeni göstərilmişdir. Tədqiq olunan yay otlaqla¬rının təbii və antropogen təsirlərə məruz qalan yaylaqları müəyyən edilmiş, onların bərpası, yaxşılaşdırılması, məhsuldarlığının artırılması, mühafizəsi üçün müvafiq təklif və tövsiyyələr hazırlanmışdır. Regionun 5 rayonunda mövcud olan 69 yay otlağının eksperimental tədqiqat üsulları ilə məhsuldarlığı öyrənilmiş, rayonlar üzrə yay otlaqlarının xəritə sxemi verilmişdir.
Zülfiyyə Kamil qızı Salayeva
Fəxrəddin Aydın oğlu Eylazov
Fərman Yunis oğlu Xəlilov
Seyfəli Həmid oğlu Qəhrəmanov