AMEA Naxçıvan Bölməsi
×

Dünya tufanı, şumerlər və Naxçıvan beynəlxalq konfransı keçiriləcək

Sədərək rayon məktəbliləri ilə görüş keçirilib


22.04.2022 / 11:44Mühüm hadisələr



Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmlər doktoru Fərman Xəlilovun Sədərək Rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşü keçirilib.
Sədərək kənd 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Mətanət Əliyeva bildirib ki, görüşün keçirilməsində məqsəd alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, eləcə də məktəblilərin еlmə olan marağının аrtırılmаsı və onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsıdır. Bildirilib ki, təhsil müəssisələrində keçirilən elmi görüşlər şagirdlərin elmə olan marağının artmasına şərait yaradır, onların inkişafında, əsl şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov “Qədim Əlyazma və çap kitablarının milli-mənəvi dəyərlərin təbliğində rolu” mövzusunda məktəblilərə geniş məlumat verib.
Fərman Xəlilov daim dövlət qayğısı ilə əhatə olunan Əlyazmalar Fondunun 15 il ərzində muxtar respublikaya aid müxtəlif tarixi qaynaqları əhatə edən nəşrlərlə xeyli zənginləşdiyini deyib. Bildirib ki, fondda mühafizə olunan əlyazmaların bəziləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri tərəfindən hədiyyə olunub.Qeyd olunub ki, fondun balansına daxil olan nümunələr əməkdaşlar tərəfindən bərpa edilir, cildlənir və onlara müəyyən gigiyenik xidmət göstərildikdən sonra sistemli tədqiqatlara cəlb olunur.
Şagirdlərin diqqətinə çatdırılıb ki, tarixin müxtəlif dövrlərində əlyazma və kitab şəklində yazıya alınmış qədim nümunələr xalqımızın milli mədəniyyətini və qədim keçmişini, eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə ehtiva edir.
Bildirilib ki, hazırda Əlyazmalar Fondununda XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərinə aid, Azərbaycan, ərəb və fars dillərində olan kitablar arasında Sədi Şirazinin “Gülüstan”, Rəşid bəy Əfəndiyevin “Bəsirətul-ətfal”, Əli ibn Məhəmmədhəsən Təbrizinin “Pəncah hədis”, Hafiz Şirazinin “Qəzəliyyat”, “Zinətul-məcalis” və digər elmi, bədii, dini kitablar, həmçinin dərs vəsaitləri də yer alıb. Bunlar içərisində XX əsrin əvvəllərində Bakıda çap olunan Hüseyn Cavidin “Şeyx Sənan”, Abdulla Şaiqin “İldırım”, Əbdürrəhim bəy Haqverdiyevin “Şeyx Şəban” və “Bəxtsiz cavan” kitabları da var.