AMEA Naxçıvan Bölməsi

Respublika əhəmiyyətli əməkdaşlıqlar



        Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi respublikanın bir sıra elm və təhsil müəssisələri ilə - Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Gənclər Fondu və muxtar respublikada fəaliyyət göstərən muzeylərlə əməkdaşlıq edir.

 

       “Sabahın tədqiqatçıları” layihəsi

       AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsində gələcək nəsil tədqiqatçıların formalaşmasında bir çox nailiyyətlər qazanılmışdır. Layihə çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin 50 şagirdi bölmə əməkdaşları tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur. Bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak etmiş və əldə etdikləri nailiyyətlərə görə diplom və medallar qazanmışlar:

       Layihə çərçivəsində Bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan Qızlar liseyinin IX sinif şagirdi Nuray Məmmədova “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” layihəsi Moskvada keçirilən VIII Beynəlxalq “Elmə start” elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində 3-cü yerə çıxmış, “Erudit” onlayn kimya olimpiadasında 2-ci yer və gümüş medal qazanmışdır. Naxçıvan şəhər 11 №-li tam orta məktəbin VIII sinif şagirdi Zahidə Allahverdiyeva “Erudit” onlayn olimpiadasında 1-ci yerə çıxaraq qızıl medal, “Время знаний» beynəlxalq kimya müsabiqəsində isə 1-ci dərəcəli diploma layiq görülmüşdür.

       İnstitutun digər əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun elmi rəhbərlik etdiyi 15 №-li tam orta məktəbin IX sinif şagirdi Nəsirli İnci “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı layihəsinin nəticələri “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilmiş və I yerə layiq görülərək I dərəcəli diplom və sertifikatla təltif olunmuş, məqaləsi isə konfransın materiallarında dərc edilmişdir. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin Sərəncamı ilə Nəsirli İncinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.

       İncəsənət, Dil və Ədəbiyyat İnsitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl və Naxçıvan şəhər 8 №-li tam orta məktəbin VIII sinif şagirdləri Suat Qasımlı və Suay Qasımlının “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı layihəsi Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Elmə start” - “Şagird elmi tədqiqat və yaradıcı işləri  üzrə IX Beynəlxalq müsabiqə”də III dərəcəli diploma layiq görülmüşdür.

       Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun rəhbərliyi ilə Naxçıvan şəhər 15 5 №-li tam orta məktəbin IX sinif şagirdi Nigar Kərimova “Naxçıvan Muxtar Respublikası ərazisində limonlu kəklikotu növünün yayılması, tərkibindəki bioloji aktiv maddələrin və faydalı xüsusiyyətlərin öyrənilməsi” mövzusunda tədqiqat aparıb. Limonlu kəklikotundan ekstrakt, həb və dəmləmə hazırlanıb. Ekstraktın tərkibindəki bioloji aktiv maddələrin fotospektr vasitəsilə tərkibi araşdırılıb və müəyyən nəticələr əldə edilib.

       Biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova və Naxçıvan şəhər 8 №-li tam orta məktəbin X sinif şagirdləri Bəxtiyar İsmayılov və Fatimə İsmayılova “Yabanı tərəvəz bitkiləri - ən təmiz ekoloji məhsul” adlı layihə ilə Bakı şəhərində keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsində iştirak etmiş və sertifikata layiq görülmüşlər.

       Biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın rəhbərliyi ilə Naxçıvan şəhər 5 №-li tam orta məktəbin IX sinif şagirdi Zümrüd Babazadənin “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan sarıçiçək, böyürtkən və yunanqozu bitkilərindən təbii boyaqların alınması” mövzusunda apardığı tədqiqat işi nəticəsində müxtəlif həlledicilər tətbiq edilməklə təbii boyaq kimi istifadə oluna biləcək sarı, qırmızı və tünd qəhvəyi rəngli ekstraktlar alınıb. Alınan ekstraktlar qatılaşdırılıb və onların boyaq kimi istifadə imkanları araşdırılıb. Müəyyən edilib ki, alınan ekstraktlar yeyinti sənayesində, xalçaçılıqda, parçaların boyanmasında və s. tətbiq oluna bilər.

       Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi altında Naxçıvan Qarnizonu tam orta məktəbinin X sinif şagirdləri Lamiyə Hacıyeva və Aişə Əsgərova muxtar respublika ərazisində yerləşən dünya əhəmiyyətli abidələrin rayonlar üzrə sayını və yerini əks etdirən xəritə hazırlamışlar. Naxçıvanda qədim sənət növlərindən olan ağac üzərində yandırma üsulu ilə işlənilən xəritə iki milli-mənəvi dəyərin sintezini – tarixi abidələrimizi və qədim sənət növünü özündə əks etdirir.

       Qazanılmış uğurların nəticəsi olaraq əməkdaşımız - kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovaümumtəhsil məktəb şagirdlərinin tədqiqatçılıq bacarıqlarının inkişafına göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova “Sabahın alimləri” IX Respublika müsabiqəsinə şagirdlərin hazırlanmasında səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur.