“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” adlı yeni kitab işıq üzü görüb. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın tərtib etdiyi kitabda Naxçıvan Muxtar Respublikası ərazisində işlənən paremioloji vahidlər toplanıb.
Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin redaktorluğu və filologiya elmləri doktoru, professor Füzuli Bayatın rəyi əsasında çap olunub.
Əsər Əziz Ələkbərlinin kitaba yazdığı “Həqiqətin izahedici gücü: deyimlər, atalar sözləri və məsəllər” adlı ön sözlə başlayır. Ön sözdə xalqın etnik dünyagörüşündən qaynaqlanan, əxlaqi dəyərləri təbliğ edən paremioloji vahidlərin elmi müstəvidə tədqiqinin vacibliyinə diqqət çəkilir. Sözügedən örnəklərdə əxlaqi-dəyər simvolikası ilə yanaşı, tarixi və etnoqrafik izlərin mövcudluğu məsələsi qeyd olunur.
Aytən Cəfərovanın kitaba əlavə etdiyi giriş xarakterli məqalədə paremiyaların milli-mənəvi dəyərlər sistemimizdəki yerindən, onların yaddaşlardan toplanması, nəşri və tədqiqinin xalqın dünyagörüşünün aşkara çıxarılmasındakı rolundan bəhs olunur. Paremioloji vahidlərlə bağlı tədqiqatçıların fikirləri əsasında mövzunu təhlil edən alim xalq deyimləri, atalar sözləri, məsəllər barədə məlumat verir, dilimizdə işlənmə məqamlarına nəzər salır.
Gününüzədək gəlib-çatmış, əksəriyyəti məişətdə geniş istifadə olunan bu örnəklər kitabda “Xalq arasında ən çox işlədilən deyimlər,”, “Atalar sözləri və məsəllər” başlıqları altında əlifba sırası ilə verilib. Nəşrdə yer alan bəzi nümunələr izahları, əlaqəli olduqları əhvalatlarla birgə təqdim olunur.
Kitab geniş elmi ictimaiyyət üçün nəzərdə tutulub.
Heydər Əliyev: tariximizdə və taleyimizdə
kitabının təqdimatı olub
Ədəbiyyat
qəzetinin baş redaktoru Azər Turan AMEA Naxçıvan Bölməsinin qonağı olub
Anım Günü ilə əlaqədar elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində Qərbi Azərbaycanla bağlı elmi konfrans olub