AMEA Naxçıvan Bölməsi

Akademik İsmayıl Hacıyev: Xalqımız sevinc dolu günlər yaşayır


25.04.2024 / 15:30Mühüm hadisələr



İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – Xalqımız çox acılar çəkmişdir. Ancaq müdriklərimiz demişlər ki, acı günlərin ömrü uzun olmur. Ümummilli Lider Heydər Əliyev xalqımıza qarşı yönəldilmiş məkrli siyasətin qarşısını aldı, xoş günlərin, ümidli günlərin ovqatını ortaya qoydu, xalqımıza sevinmək nə qədər yaraşır gerçəkliyini bərpa edə bildi. Gözlənilən arzu və ümidləri cənab İlham Əliyev həqiqətə çevirdi, “nəyin nə vaxt və necə ediləcəyini” vaxtında reallaşdırdı.
Artıq bir neçə ildir ki, xalqımız sevinc dolu günlər yaşayır. 44 günlük savaşın doğurduğu qürur və fərəh hissi Şuşa zəfərinin sevinci, ərazi bütövlüyümüzün bərpası Qələbə Bayramı ilə qurtardı. Antiterror əməliyyatı – dostlara sevinc, düşmənlərə acı kədər gətirən sonluq, suverenliyimizin bərpası. Bircə gün içərisində Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları və tör-töküntülərinin darmadağın edilməsi, separatçı-terrorçu dəstələrin təslim edilməsi, onların “başbilənlərinin” həbsi və Xankəndidə hərbi parad. Uzun illər həsrətində olduğumuz qələbə bayramları!
Aprel hadisələri sevinc üstünə sevinc gətirdi. Bu hadisələrin memarı, dünyada nüfuzlu dövlət xadimi kimi tanınmış və şöhrət qazanmış Prezident cənab İlham Əliyevdir.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən Qarabağa müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının bölgəni tərk etmələri nəinki ölkəmizin, eləcə də, bütövlükdə, Cənubi Qafqaz regionunun gündəmində olmuşdur. Mövcud istiqamətdə müxtəlif fikirlər səsləndirilir, mülahizə və rəylər söylənilirdi. Əlbəttə, ilk növbədə, vurğulanmalı bir məqam var: Rusiya sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılması qərarı Azərbaycan və Rusiya münasibətlərindəki qarşılıqlı inam və etibarın göstəricisidir. Çünki başa düşüldü ki, Qarabağda məhdud sayda rus hərbi hissələrinin mövcudluğuna ehtiyac yoxdur. Çünki orada Bakı ilə Moskva arasında etimad mühiti var. Rusiya çox yaxşı dərk edir ki, Azərbaycan regiona kənar qüvvələrin daxil olmasına yol verməyəcək. Prezident cənab İlham Əliyevin ustalığı ondadır ki, mövqeyini əməli işi ilə dəfələrlə təsdiqləyib.
Hazırda Azərbaycanda böyük qələbənin sevinci yaşanır. “Ağıl olan yerdə zora ehtiyac yoxdur” fikri Qazax rayonunun 4 kəndinin azad olunmasında özünü göstərdi. Silah işlətmədən, bir güllə atmadan kəndlərimiz özümüzə qaytarılır. İllərdən bəri işğal altında qalmış kəndlərin ölkəmizə qaytarılması siyasi və dövlətçilik fəaliyyəti ilə həmişə qürur duyduğumuz Prezident cənab İlham Əliyevin liderlik və diplomatik məharəti sayəsində baş tutmuşdur. Əllərində Azərbaycan Bayrağı ilə sevinc hisslərini nümayiş etdirən Qazax rayonunun işğaldan azad olmuş kənd sakinlərinin sevincinə bütün Azərbaycan xalqı qoşulur. Azərbaycanlıların Vətən sevgisi və güc-qüdrəti düşməni kəndlərimizi qaytarmağa məcbur etdi. Nəhayət haqq-ədalət zəfər çaldı!