AMEA Naxçıvan Bölməsi

Naxçıvanlı alim türk mütəxəssislərə seminar keçib


21.05.2024 / 14:15Mühüm hadisələr



AMEA Naxçıvan Bölməsi, Ege Universiteti, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu və Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə elmi seminar təşkil olunub.

“Türk dünyası sərhədləri çərçivəsində Nuh peyğəmbər ilə bağlı yazılı və şifahi qaynaqlar və məkanların öyrənilməsi” layihəsi çərçivəsində baş tutan seminarda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Nuh peyğəmbər haqqında əfsanələr” mövzusunda məruzə edib.

Məruzəsində Nuh tufanı ilə bağlı xalq yaddaşında qorunub saxlanan əfsanə və rəvayətlərdən bəzilərini diqqətə çatdıran professor mənbələrin qeydləri əsasında Nuh peyğəmbər və varislərinin Naxçıvan, eləcə də onun ətraf ərazilərində olduğu yerləri (hərəkət marşrutunu), folklor materiallarında adı çəkilən digər məlumatları diqqətə çatdırıb. Gəmiqaya qayaüstü rəsmlərindən bəzilərini slayd vasitəsilə nümayiş etdirən alim qədim insanların qayalara həkk olmuş inanc sistemi barədə məlumat verib. Naxçıvanda duz emalının tarixinə, dünya tufanı ilə bağlılığı məsələsinə diqqət çəkib.

Vəli Baxşəliyev Nuh peyğəmbərin məzarının Naxçıvanda olması faktına aydınlıq gətirib, burada aparılan arxeoloji qazıntılar zamanı məqbərənin səkkizguşəli təməlinin aşkar olunduğunu diqqətə çatdırıb. Alim orta əsr fransız səyyahlarının, həmçinin rus tədqiqatçıların Nuhun məzarının Naxçıvanda olması barədə fikirlərini şərh edib. Qazıntı zamanı əldə olunan nəticələr, Nuh tufanı ilə bağlı əfsanə və rəvayətlərin müxtəlif variantları arasında paralelliklər türk mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Məruzənin sonunda Vəli Baxşəliyev seminar iştirakçılarının mövzu ilə bağlı suallarına aydınlıq gətirib. Məsələ ətrafında müzakirə aparılıb.