AMEA Naxçıvan Bölməsi
×

Dünya tufanı, şumerlər və Naxçıvan beynəlxalq konfransı keçiriləcək

Türkiyənın Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu ilə görüş


11.11.2022 / 17:43Mühüm hadisələr



AMEA-nın Naxçıvan Bölməsində Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kirazın diplomatik xidmət müddətinin başa çatması münasibətilə görüş olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Türkiyə və Azərbaycan arasındakı etnik, tarixi, mədəni əlaqələrdən, qardaşlıq və dostluq münasibətlərindən danışıb. Bu münasibətlərin xüsusilə XX əsrin əvvəllərində həyati əhəmiyyət daşıdığını diqqətə çatdıran akademik 1918-1920-ci illərdə Qafqaz İslam Ordusunun yaradılmasından, Bakının düşmən işğalından azad edilməsində qardaş ölkənin rolundan, Türkiyənin istiqlal müharibəsində, Çanaqqala döyüşündə azərbaycanlıların Osmanlı Türkiyəsinə dəstəyindən bəhs edib. Naxçıvanın Azərbaycanın tərkibində saxlanması məsələsində Türkiyənin mövqeyindən, Qars müqaviləsinin əhəmiyyətindən danışan bölmə sədri bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da onu rəsmi olaraq tanıyan ilk dövlət qardaş Türkiyə Cümhuriyyəti olmuşdur. Vurğulanıb ki, ərazi bütövlüyümüzün bərpası uğrunda azərbaycanın haqlı mübarizəsində hər zaman dəstək olan Türkiyə Vətən müharibəsi zamanı da öz dəyişməz mövqeyini nümayiş etdirmişdir. İki qardaş ölkə arasında imzalanan Şuşa bəyannaməsi də bu dostluğun hərbi, siyasi, iqtisadi cəhətdən müttəfiqlik səviyyəsində təsbitidir.

Çıxış əsnasında digər sahələrlə yanaşı elm, təhsil və mədəni əlaqələrin də yüksək səviyyədə inkişafında Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun, eləcə də diplomatik xidmət müddəti başa çatmaqda olan Məhmət Emin Kirazın səmərəli fəaliyyətini qeyd edən alim AMEA-nın Naxçıvan Bölməsinin Türk Tarix Qurumu, Türk Dil Qurumu, İğdır Universiteti ilə əlaqələrindən danışıb. İsmayıl Hacıyev nəzərə çatdırıb ki, hər iki ölkə alimlərinin elmi əməkdaşlıqda fəal iştirakı təqdirəlayiq hal olmaqla yanaşı, həm də düzgün qurulan mədəni əlaqələrin nəticəsidir.

Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin milli birlikdən qaynaqlandığını diqqətə çatdırıb. Baş konsul xüsusilə XX əsrdən günümüzədək mövcud olan qardaşlıq münasibətlərini dövrlər üzrə xarakterizə edib. Sovet hakimiyyəti dönəmində dövrün siyasi rejimi çərçivəsində iki qardaş ölkə arasında mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran qonaq bu faktı milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Bölgədə sülh və əmin amanlığın, elmi, mədəni dəyərlərin qorunmasında və təbliğində vacibliyini qeyd edib. Baş konsul çıxışının sonunda Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində elmi əməkdaşlığın inkişafında göstərdikləri diqqətə görə alimlərə minnətdarlığını bildirib.

AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Tofiq Əliyev, Hacıfəxrəddin Səfərli, dosentlər Firudin Rzayev, Elxan Məmmədov və Emin Şıxəliyev tədbirdə çıxış edərək Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətinin tarixi və mədəni əsaslarından bəhs ediblər, Məhmət Emin Kiraza gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Sonda akademik İsmayıl Hacıyev və baş konsul Məhmət Emin Kiraz qarşılıqlı olaraq kitab hədiyyə ediblər.