AMEA Naxçıvan Bölməsi

Gənc tədqiqatçılar yay düşərgəsində iştirak ediblər


15.08.2022 / 17:01Mühüm hadisələr



Bu ilin avqust ayında Azərbaycan Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Gənc alimlərin yay düşərgəsi” keçirilmişdir. Lənkəran şəhərində təşkil edilən düşərgədə Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif universitet və nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan 60-a yaxın gənc tədqiqatçı iştirak edib.
Dünyada və Azərbaycanda fundamental elmin, akademik tələblərin inkişafını gücləndirmək, gənclərin multidisiplinar inteqrasiyasını təmin etmək, intellektual inkişafına təkan vermək, elmin tədqiqat və təhsildə rolunu müəyyənləşdirmək məqsədilə təşkil olunan düşərgədə gənclər üçün təlimlər, seminarlar, intellektual-əyləncəli oyunlar, müxtəlif idman növləri üzrə yarışlar və yaradıcılıq müsabiqələri keçirilib.
AMEA Naxçıvan Bölməsini təmsil edən gənc tədqiqatçılar - Hüseyn İmanov, Leyla İbrahimova və Kübra Vəliyeva düşərgədə fəallıq nümayiş etdiriblər.
Proqrama əsasən düşərgə iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra AMEA Lənkəran Regional Elmi Mərkəzinə baş çəkmiş, burada yetişdirilən müxtəlif sitrus bitkiləri, çay bitkisinin çeşidli növləri, həmçinin zəngin meşə genefondu ilə yaxından tanış olmuş, 44 günlük Vətən müharibəsi şəhidi Mahsun Bağırzadənin atası Zahir Bağırovla görüşmüşlər.
Sonda fəallıq nümayiş etdirən gənc tədqiqatçılara sertifikatlar təqdim olunmuş, onlar müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.