AMEA Naxçıvan Bölməsi

Göy mexanikasında üç cisim məsələsi monoqrafiyasının təqdimatı keçirilib


22.06.2022 / 12:35Tədbirlər



AMEA Naxçıvan Bölməsində Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifin elmi fəaliyyətindən bəhs edib. Alimin elmi tədqiqat müəssisəsində elmi işin təşkilinə, gənc kadrların hazırlanmasına göstərdiyi dəstəkdən danışıb.
Təqdimat mərasimində monoqrafiya ilə bağlı məruzə edən Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, əsər göy mexanikasının və astrodinamikanın aktual problemlərindən olan məhdud üç cisim məsələsinə həsr olunub. Göy mexanikası astrofizika ilə yanaşı, astronomiyanın da əsas bölmələrindən olub, göy cisimlərini hərəkət etdirən yaxud bu hərəkəti dəyişdirən müxtəlif təbii səbəblərin təsiri altında hərəkətdəki qanunauyğunluqları öyrənir.
Monoqrafiya giriş, yeddi fəsil, nəticə, ədəbiyyat və “Cədvəllər” bölməsindən ibarətdir. Burada elliptik, dairəvi, hiperbolik və parabolik məhdud üç cisim məsələlərinin öyrənilmə tarixi araşdırılıb, keyfiyyət və ədədi analizlər əsasında məsələnin analitik həlli tapılıb, eləcə də alınan nəticələr Günəş-planet-ulduz üçlüyünə tətbiq edilib. Bununla yanaşı, Azad Məmmədli üç cisim məsələsinin konkret astronomik tətbiqlərini ətraflı araşdırmış, əsaslı elmi mühakimələrini, riyazi hesablamaları cədvəl və qrafiklər halında kitaba əlavə etmişdir.
Səma cisimlərinin mövqe müşahidələri şöbəsinin elmi işçisi Ruslan Məmmədov çıxış edərək monoqrafiyanın elmi əhəmiyyətindən, xüsusilə gənc tədqiqatçılar üçün faydasından danışıb. Əsas və törəmə vahidlərin, astronomik sabitlərin, Günəşin, Yerin və Ayın bütün əsas parametrləri üzrə ən son hesablamaların monoqrafiyada cədvəl formasında verilməsinin müsbət hal olduğunu vurğulayıb. Ən incə detallara xüsusi diqqətlə yanaşmasını müəllifin öz tədqiqat sahəsinə olan sevgisinin təzahürü kimi qiymətləndirib.
Sonda çıxış edən monpqrafiyanın müəllifi Azad Məmmədli elmi fəaliyyətinə verilən dəyərə, göstərilən qayğıya görə minnətdarlığını bildirib.