AMEA Naxçıvan Bölməsi

Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb


24.05.2022 / 17:18Tədbirlər



Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun Türk Tarix Qurumu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi  arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı türk nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub.

Qonaqlar ilk öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül qoymuş, Heydər Əliyev Muzeyi ilə tanış olmuş, Ulu öndər Mustafa Kamal Atatürkün büstünü və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

AMEA-nın Naxçıvan Bölməsi ilə tanış olan qonaqlar bölmə əməkdaşlarının nəşr olunan əsərlərindən ibarət sərgi, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya və Etnoqrafiya muzeyindəki eksponatlarla tanış olmuşlar.

Daha sonra Türk Tarix Qurumu ilə AMEA Naxçıvan Bölməsi  arasında əməkdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.

Mərasimi açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq Naxçıvan Bölməsinin təsis olunması, fəaliyyəti, əldə olunan elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Akademik bildirib ki, AMEA-nın Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən təsis olunub. Bölmənin tərkibinə 6 elmi-tədqiqat müəssisəsi, elmi kitabxana və arxiv, Nəbatat bağı, Batabat Astrofizika Rəsədxanası və başqa elmi-tədqiqat müəssisələri daxildir.

Naxçıvanın hərtərəfli tədqiqi məqsədilə yaradılan bölmədə bu günədək bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi mühiti, dil xüsusiyyətləri, teatr və sənətkarlığın inkişafı, o cümlədən təbii sərvətlərinin, biomüxtəlifliyinin tədqiqi ilə bağlı araşdırmalar aparılır, araşdırmaların nəticələri müxtəlif kitab və monoqrafiyalarda, elmi jurnallarda, eləcə də mətbuatda əksini tapır.

Akademik vurğulayıb ki, yeni imzalanan əməkdaşlıq müqaviləsi hər iki elm müəssisəsi arasındakı akademik əməkdaşlığı təsis etmək, gücləndirmək və inkişaf etdirmək üçün lazımi platformanın hazırlanması məqsədi daşıyır. Müqavilədə birgə elmi araşdırmaların aparılması, beynəlxalq simpoziumların, konfransların və tədbirlərin təşkili, elmi əsərlərin müəllif hüquqlarının və tərcümələrinin dəstəklənməsi, nəşr edilməsi və yayılması, Türkiyə və Azərbaycan arxeoloqlarının birgə iştirakı ilə arxeoloji qazıntıların aparılması, elmi və mədəni görüşlərin birgə təşkili, elm adamlarının, doktorant və mütəxəssislərin mübadiləsi, doktorantura tələbələri üçün yay məktəblərinin təşkili və başqa mühüm işlərin icrası nəzərdə tutulub.

İsmayıl Hacıyev Türk Tarix Qurumu ilə rəsmiləşdirilən əlaqələrin daha da səmərəli inkişafına əminliyini bildirib.

Türk Tarix Qurumunun Başqanı, professor Birol Çətin çıxış edərək Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Təmsil etdiyi Türk Tarix Qurumunun yaradılması, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor diqqətə çatdırıb ki, qurum 90 ildən artıq dövr ərzində türk tarixinin hərtərəfli araşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirmiş, bu sahədə çoxsaylı uğurlar əldə olunmuşdur. Xüsusilə son illər arxeologiya sahəsində aşkar olunan elmi faktlar bu sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Tarixin bütün sahələrində böyük irəliləyişlərin əldə olunduğunu söyləyən qurum rəhbəri qeyd edib ki, Türk Tarix Qurumu göstərdiyi səmərəli və çoxşaxəli fəaliyyəti ilə  tarixçilər üçün əsl məktəbə çevrilmişdir.

Birol Çətin müasir dövrdə fakt və həqiqətlərin dünyaya çatdırılmasında tarix elminin əvəzsiz xidmətini vurğulayıb, xüsusilə gənc nəsildə bu elm sahəsinə artan həvəsi olduqca sevindirici hal kimi qiymətləndirib. Yeni imzalanan əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün gələcək perspektivlər vəd etdiyini, bu münasibətlərin həm rəsmi, həm də dostluq müstəvisində inkişafının mühümlüyünü qeyd edib.

Daha sonra AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və Türk Tarix Qurumunun Başqanı, professor Birol Çətin müqaviləni imzalayıblar.

Yığıncaqda Naxçıvan Televiziyasının AMEA Naxçıvan Bölməsinin yaranması və fəaliyyəti ilə bağlı hazırladığı film nümayiş olunub. Filmin ardından Naxçıvan adının mənşəyi, mənası, Nuh peyğəmbərlə bağlılığı haqqında müzakirə aparılıb, icrası nəzərdə tutulan işlər təhlil olunub.

Qonaqlar həmçinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Naxçıvanqala Tarix-Memarlıq Kompleksini, Nuh peyğəmbərin məzarüstü abidəsini və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzini ziyarət ediblər.