AMEA Naxçıvan Bölməsi

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib


29.12.2021 / 16:39Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq həmrəyliyimizin əsasını təşkil edən azərbaycançılıq ideyasının vacibliyindən bəhs edib. Bildirib ki, bu ideya milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir yumruq altında birləşməsində əvəzsiz rola malikdir. Xalqın birliyinə hesablanmış uzaqgörən addımların artıq öz gözlənilən bəhrəsini verdiyini söyləyən alim Vətən müharibəsi zamanı millətin, ordunun bu mənəvi birlikdən güc aldığını vurğulayıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədbirdə “Həmrəyliyimiz milli birliyimizdir” mövzusunda məruzə edib.

Məruzəçi həmrəylik və birliyə can atan Azərbaycan xalqının mücadiləsindən, Naxçıvan əhalisinin Araz çayı boyunca çəkilmiş sərhəd dirəklərini dağıtması ilə ölkədə yaratdığını böyük rezonansdan söz açıb. Qeyd olunub ki, bu tarixi hərəkata siyasi qiymət verən  ulu öndər Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasını qərara almışdır. Dünyada yaşayan azərbaycanlıların təşkilatlanmasında həlledici rol oynayan bu qərar Heydər Əliyev ideyalarının, alternativsiz strateji xəttin irəliyə doğru mühüm addımı idi.

Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi və sonrakı dövrlərdə bu fəaliyyətin uğurlu davamının nəticəsidir ki, artıq soydaşlarımız müxtəlif ölkələrdə Xocalı faciəsi, ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlar ilə bağlı aksiyalar keçirir, ölkəmiz və millətimiz barədə əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Dahi rəhbər Heydər Əliyevin: “Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”, - fikrini xatırladan məruzəçi diaspor quruculuğu sahəsində həyata keçirilən işlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, dahi rəhbərin bu sahədəki siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın irəliyə doğru atdığı hər bir addım, qazandığı hər bir uğur dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırıb, onların müstəqil dövlətimizə inamını artırıb, soydaşlarımızın milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb.

Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hər bir soydaşımızın vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Dünyanın müxtəlif ölkələrində, Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsəd birliyinin yaradılması və möhkəmləndirilməsi son dərəcə zəruridir.

Tədbirdə AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova bu əlamətdar günlə bağlı çıxış ediblər. Çıxışlarda həmrəyliyimizi şərtləndirən amillər, diaspor quruculuğu sahəsində həyata keçirilən işlər və başqa mühüm məsələlərdən bəhs olunub.