AMEA Naxçıvan Bölməsi

Yeni kitab nəşr olunub


Moskva və Qars beynəlxalq müqavilələri kitabı nəşr olunub
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Moskva və Qars beynəlxalq müqavilələri” adlı yeni kitabı nəşr olunub. 
Giriş, üç fəsil, nəticə, istifadə edilmiş mənbə və ədəbiyyat siyahısı, şəxsi və coğrafi adlar göstəricisi, əlavələrdən ibarət kitabın ilk səhifələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskva və Qars müqavilələri haqqında söylədiyi fikirlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 8 fevral 2021-ci il tarixli Sərəncamı və bu sərəncamın icrası məqsədilə təsdiq olunan Tədbirlər Planının mətnləri verilib.
Kitabın “Rus-Türk konfransı və Moska müqaviləsi” başlıqlı birinci fəsli ötən əsrin əvvəllərində Rusiya-Türkiyə münasibətlərində Azərbaycan məsələsi, Türkiyə nümayəndə heyətinin Moskvaya gəlməsi, rus-türk konfransının fəaliyyəti, müqavilənin imzalanması və əhəmiyyəti kimi önəmli mövzuları əhatə edir.
“Qars müqaviləsi və Azərbaycanın himayəsində Naxçıvanın statusu” adlı növbəti fəsildə Moskva müqaviləsinin imzalanmasından sonra Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın yeri, Qars konfransı ərəfəsində mövcud vəziyyət, konfransın gedişi, aparılan müzakirələr, mübahisəli məsələlər, Naxçıvanın statusu, ərazi-sərhəd məsələləri və başqa tarixi əhəmiyyətli məqamlar təfərrüatlı şəkildə təhlil olunur. Həm Moskva, həm də Qars müqaviləsində müzakirə olunan məsələlər hərtərəfli araşdırılır, müqavilələrdə əksini tapan Naxçıvanla bağlı məsələ şərh olunur.
Kitabın sonuncu fəsli Qars müqaviləsindən sonra Naxçıvan diyarının inzibati idarəçilik sistemində edilən dəyişikliklər, qeyd olunan beynəlxalq müqavilələrin ləğvi məqsədilə ermənilərin göstərdikləri canfəşanlıqdan bəhs edir.
Bir əsrlik tarixə malik müqavilələrin aktuallıq və əhəmiyyətini ətraflı təhlil edən müəllif Azərbaycan, türk və rusdilli mənbələrdən, çoxsaylı arxiv materiallarından, internet resurslarından istifadə edib. Yeni sənəd və materialların araşdırılaraq dövriyyəyə daxil edilməsi əsərin tarix elmi üçün əhəmiyyətini daha da artırır. Şəxsi və coğrafi adlar göstəricilərinin də nəşrə daxil edilməsi kitabdan istifadəni rahatlaşdırır.
Kitabın “Əlavələr” hissəsində hər iki müqavilənin mətni, eləcə də bu tarixi sənədlərdə Naxçıvanla bağlı müddəaların əks olunduğu əlavələr verilib.
Sonda Qars konfransında iştirak etmiş azərbaycanlı və türk nümayəndələrdən Behbud ağa Şahtaxtinski, Kazım Qarabəkir paşa, Tağı bəy Səfiyev, İbrahim Əbilov və başqalarının foto-şəkilləri, konfrans zamanı yaddaşa köçürülən kadrlar oxuculara təqdim edilir.
Naxçıvan Muxtar Respublikasının Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazi xəritələrinin kitaba əlavə edilməsi ərazi və sərhədlərin vizual təsviri baxımından müstəsna əhəmiyyətə malikdir.
“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri isə dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Musa Quliyevdir.
Kitab tarixçilər və tariximizlə maraqlanan hər kəs üçün faydalı mənbədir.
Yüklə